Üzgüçülüyün uşaqların sağlamlığına təsiri
Üzgüçülük elə bir idman növüdür ki uşaqdan böyüyə hər kəsi məşğul ola bilər. Erkən yaşlardan üzgüçülük ilə məşğul olmaq daha sağlam və gümrah olmaq deməkdir. Əgər siz övladınız üçün zərərsiz idman növü axtarışındasınızsa üzgüçülük əla seçimdir.
Üzgüçülük məşqlərinə neçə yaşdan etibarən yazılmaq faydalıdır?
Üzgüçülük məşqlərinə 5 aylıq körpələri yazdırmaq olar. Lakin onu da bilməlisiz ki, bu yaşda uşaq üzməyi öyrənmir. Suda ilkin vərdişləri yaranır və suyu sevib sevmədiyini anlamış olursuz. Suda olan körpə isə gecə yuxusunu rahat yatmış olur.
2-3 yaşdan etibarən uşaqlara üzməyi öyrətmək olar lakin mütləq şəkildə bunu oyun şəraitində etmək lazımdır. 4 yaşa qədər məşqlər çox ciddi olmamalıdır. Qoyun uşaqlar suda istədikləri kimi oynayıb suyu sevsinlər. Hovuzda azad şərait yaratmaq və dayaz hovuz seçmək mütləqdir. Üzməyi bacarmayan uşaqları ilk məşqlərdən dərin hovuza girməyi məsləhət deyil. Bu zaman uşaq sudan qorxa və suya girmək istəməyə bilər. İlkin məşqlərdən uşaq hovuza valideyn ilə girsə daha yaxşı olar. Ona ən gözəl müəllim siz özünüz ola bilərsiz. Nəticədə hovuz uşaqlar üçün qorxulu bir təhlükəyə çevrilməz.
Peşəkar üzgüçülük dərslərinə isə 4-7 yaşdan etibarən uşaqları yazdıra bilərsiz. Bu yaşda uşaqların qavrama qabiliyyəti yaxşı inkişaf edir və məşqçinin ondan nə istədiyini anlamış olurlar.
Tibbi əks göstərişlər.
Üzgüçülük faydalı idman növü olmasına baxmayaraq bəzi insanlara əks təsir bağışlaya bilər. Kimlər üzgüçülük ilə məşğul ola bilməz?
• Dəri xəstəlikləri (dermatit, ekzema)
• Viruslu infeksiyalar
• Onurğa xəsarətləri
• Anadan gəlmə və ya bəzi ürək xəstəliyi
• Astma
• Epilepsiya
• Sudurqa olan insanlara üzgüçülük ilə məşğul olmaq məsləhət görülmür.
Uşaqları üzgüçülük dərslərinə yazdırmamışdan qabaq mütləq həkim nəzarətindən keçirtməyiniz tələb olunur.
Müsbət cəhətləri.
• İmmuniteti gücləndirir. Güclü immunitetə sahib olan orqanizm ətraf mühitdəki dəyişiklərə daha tez adaptasiya olur və az xəstələnirlər.
• Fiziki inkişaf. Üzən zaman demək olar ki bütün əzələ qrupları işləyir. Bədən qaməti yaxşılaşır, düz və sağlam onurğaya sahib olmaq olur.
• Stressdan azad edir. Suda üzmək həmişə müsbət emosiya bəxş edir. Əgər sizin uşağınız çox aktiv və aqressivdirsə üzgüçülük enerji sərf etməyə imkan verəcək və sakitləşdirici təsir göstərəcək.
• Orqanizmə faydası. Ürək qan dövranı və sinir sistemini yaxşılaşdırır. Və bu da balaca idmançıların hərtərəfli sağlamlığını gücləndirir.
• Xarakterin formalaşması. Peşəkar şəkildə üzgüçülük ilə məşğul olan uşaq diqqətli, məsuliyyətli və çalışqan olmağı, qarşıya qoyulan məqsədlərə nail olmağı, məğlub olub və qalib gəlməyi öyrənəcəkdir.
Mənfi cəhətləri.
• Daim üzgüçülük ilə məşğul olmaq immuniteti gücləndirsə belə idmana yeni başlayan uşaq soyuqdan qorunmasa xəstələnmə ehtimalı ola bilər.
• Soyuq havalarda məşqdən sonra yaxşıca qurulanb isti papaq, şərf və qalın üst geyim geyinməlidir. Məşqdən əvvəl ilıq su ilə yaxalanmalı və qızışma hərəkətləri etməlidir.
• Məşqlər bağlı hovuzlarda keçirildiyindən havalandirma sistemi olmayan hovuzlarda uşaq rütubətli xlorlu hava ilə nəfəs almış olur.Bu da alergiyaya meyilli uşaqlarda qıcıqlandırma hissi yarada bilər.